İtaliyalı hücumçu Bakıdan danışdı
25.12.2013 - 11:25
İtaliyalı hücumçu Bakıdan danışdı
“Bu il Bakıda yeni təcrübə qazanmaq şansı əldə etmişəm. Azərbaycan paytaxtında ilk dəfə təxminən 10 il əvvəl, “Peruca”nın oyunçusu kimi olmuşdum. Həmin vaxt indiki komandam “Azərreyl”lə Çempionlar Liqasında üz-üzə gəlirdik”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin voleybolçusu Çyara di Yulio deyib.

Hazırda Bakının “Azəryol” klubunun şərəfini qoruyan 28 yaşlı hücumçu vətənində Azərbaycan haqda danışıb.

O, ilk səfəri ilə müqayisədə ikinci dəfə paytaxtımıza gəldikdə yalnız heyran qaldığını bildirib: “Peruca” ilə gəldiyim vaxt Bakı tam başqa idi. 2013-cü ildə isə bu şəhər meqapolisi xatırladır. Bura əsl Avropa şəhəridir. Fasiləsiz tikintilər və müasirləşmə Bakını günü-gündən gözəlləşdirir”.

Komanda rəhbərliyinin qeyri-peşəkarlığı Yulionu “Azəryol”u tanıtmağa da məcbur edib. Çünki “Azərrel” adını “kiçik bacıları”na təhvil verən klubu dünyada hələ də yeni kollektiv və ya 2-3 ilin komandası kimi tanıyırlar: “Mənim çıxış etdiyim “Azəryol” Bakını təmsil edir. Bu komanda əvvəllər “Azərreyl” adı altında oynayırdı. Transferimə qədər yalnız baş məşqçimiz Ancelo Vercesini tanıyırdım. Digər məşqçilər və komanda yoldaşlarımla isə burada tanış oldum”.

İtaliyalı legioner “Azəryol”u qələbələrə daşımaq üçün çox hazırlaşdıqlarını da deyib: “İstər zalda, istər trenajorda çox səylə çalışırıq. Çünki biz bilirik ki, nəyəsə nail olmaq üçün ürəklə hazırlıq keçmək lazımdır. Həmişə də qarşımıza maksimum nəticələr qoyulur”.

Yulionun sözlərinə görə, Bakıda olduğu bir neçə ay ərzində artıq şəhərə öyrəşib: “İntensiv məşqlərlə yanaşı, Bakı ilə tanış olmağa da vaxtım olub. Ümid edirəm ki, burada şən keçirəcəyim vaxtdan səmərəli yararlanacam. Həm də “Azəryol”da olduğum müddətdə voleybolçu kimi də inkişaf edəcəm. Bu komanda ilə çox qələbələr qazanmaq istəyirəm”.