“Lokomotiv” rəsmisi: Komanda partlayış baş verəndə bazada idi
28.12.2013 - 10:34
“Lokomotiv” rəsmisi: Komanda partlayış baş verəndə bazada idi
“Voleybolçularımız və məşqçilər korpusundan heç kim xəsarət almayıb. Partlayış baş verən anda komanda bazada olsa da, həmin yerdə partlayış elə də ciddi hiss edilmədi”. Bunu apasport.az saytına “Lokomotiv” voleybol klubunun meneceri Orxan Hüseynov deyib.

Komanda rəsmisi dünən “Lokomotiv” İdman Kompleksində baş verən partlayışla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, qaz sızması nəticəsində olan qəza kluba müəyyən problemlər yaradıb. Hüseynovun sözlərinə görə, “Lokomotiv” müvəqqəti olaraq, hazırlığını digər zallarda keçirəcək: “Bildiyiniz kimi, komanda istirahətə buraxılmışdı. Dünən bir araya gəlmişdik ki, gözlənilməz belə hadisəni yaşadıq. Trenajor zalı tamamilə dağılıb. Meydançaya isə ciddi ziyan toxunmayıb. Hazırda harada məşq edəcəyimizi müəyyənləşdirəcəyik. Bu, Voleybol Federasiyasının, Voleybol Mərkəzi və ya “Rabitə”nin zalı ola bilər”.

Qeyd edək ki, kompleksdəki partlayışda Şahvələd Məmmədov dünyasını dəyişib, Elvin Qurbanov isə yaralanıb.