“Azərbaycanda qalmağımın sirri...”
28.12.2013 - 16:22
“Azərbaycanda qalmağımın sirri...”
“Lokomotiv”in voleybolçusu Aleksandra Samoylovanın apasport.az saytına müsahibəsi

- Başa çatmaqda olan 2013-cü ili özünüz və komandanız üçün necə qiymətləndirirsiniz?
- Ümumilikdə, pis keçmədi. Komandanın nəticələrindən razı qaldım. Biz inkişafdayıq. Üzərində çalışacağımız şeylər var. Ən əsası isə səhvlərimizi düzəltmək istəyimiz böyükdür ki, bu da çox vacib amildir.

- Siz Azərbaycanda uzun müddət çıxış edən rusiyalı voleybolçulardan sayılırsınız. 4-cü mövsümdür eyni komanda çıxış etməyinizin sirri nədədir?
- Bəli, Azərbaycanda qüvvəsini sınamaq istəyən rusiyalılar çox azdır. Hər halda, vətənimdə voleybol da, bütün təşkilat da bir az fərqlidir. Azərbaycanda qalmağımın sirri nədir? Bunu özüm də bilmirəm. Bakı dərhal xoşuma gəldi. Çox gözəl şəhərdir. Mehriban, ünsiyyətcil insanları var. “Lokomotiv” isə mənim üçün doğma komandadır. Rəhbərlik öz növbəsində oyunçular üçün maksimal dərəcədə rahat şərait yaratmağa çalışır. Həm də çətin anlarda dəstək olurlar. Belə münasibətlə nadir hallarda rastlaşırsan.

- Ötən mövsüm komandanız üçün elə də uğurlu alınmadı. Bu il isə “Lokomotiv” rəhbərliyində dəyişikliklər oldu. Həmçinin, komandanız demək olar yenidən formalaşdı. Bu mövsümlərdəki fərqli heyətlərinizi bir-biri ilə necə müqayisə edərdiz?
- Siz haqlısız. Ötən mövsümü uğurlu saymaq olmaz. Baxmayaraq ki, müəyyən xoş məqamlar yadda qaldı. Əvvəlki və indiki komanda arasında müqayisə aparmaq istəməzdim. Bu elə eyni “Lokomotiv”dir. Əlbəttə, yenidən komanda formalaşdırmaq çətindir. Bizə bir-birimizi yaxşı başa düşmək, meydanda yoldaşlarımızı hiss etmək üçün müəyyən vaxt lazımdır. Voleybol komanda oyunudur. Azarkeşlərimizə dəstək üçün böyük təşəkkürümüzü bildirirəm. Biz onlara görə çalışırıq.

- CEV kubokunda inamla irəliləyirsiz. Hədəfləriniz nədir və sizin üçün avrokubok, yoxsa Super Liqa daha vacibdir?
- Əlbəttə, CEV kubokunu qazanmaq istəyirik. Qarşıda bizi gərgin mübarizə gözləyir. Lakin bildiyiniz kimi ölkə çempionatında çoxdandır nəticə qazana bilmirik. Buna görə də hansı yarışın vacib olduğunu söyləmək çətindir. Şəxsən mənim üçün hər 2 turnir eyni dərəcədə əhəmiyyət kəsb edir.

- CEV kubokunda növbəti rəqibiniz sizin üçün tanış - Polşa “Bank Fakro”sudur. Mərhələ adlayacağınız halda isə “Azəryol”la qarşılaşmağınız mümkündür. Bu haqda nə deyə bilərsiz?
- Bəli, biz ötən il Çempionlar Liqasının qrup mərhələsində “Bank Fakro” ilə qarşılaşmışdıq. Asan olmasa da, 2 matçda da qalib gəlmişdik. Ümid edirik ki, həmin nəticənin təkrarı olacaq. “Azəryol”a gəlincə, bu haqda danışmaq tezdir. Lakin onlarla qarşılaşmaq istəyərdim. Onlar mübariz xarakterə malik maraqlı komandadır.

- Dünən axşam “Lokomotiv” üçün heç də xoşagəlməz hal baş verdi və bazanızda partlayış oldu. Hadisə ilə bağlı klubunuzun rəsmisi ilə danışmışıq. Lakin həmin zaman orada olduğunuzdan sizin də fikirlərinizi bilmək yerinə düşərdi...
- Mən buna heç bir şərh verə bilmərəm. Hadisədən dərhal sonra biz oradan getdik. Əlbəttə, çox qorxduq. Bu, şok idi. Biz içəridə, idman zalındaydıq. Hadisə isə digər tərəfdə baş verdi. Bizdən cəld əşyalarımızı götürüb, küçəyə çıxmağımızı xahiş etdilər.

- Yeni ili və Milad bayramını harada və kiminlə keçirmək istərdiz?
- Qarşıdakı bayramları Bakıda olacam. Bizim hazırlıq qrafikimiz çox sıxdır. Buna görə də Yeni ili Bakıda komandamla ailə şəklində keçirəcəyik.

- 2014-cü illə bağlı arzularınız, istəkləriniz nədir?
- Qarşıdan at ili gəlir. Mən uşaqlıqdan bu heyvanlara məftunam. Hamıya sülh arzulayıram. Dostlarım, bir-birinizi sevin və xoşbəxt olun. Əlbəttə, hamıya daha çox qələbə arzulayıram.