“Lokomotiv”in legioneri kompleksdəki partlayışdan danışdı - FOTO
30.12.2013 - 10:01
“Lokomotiv”in legioneri kompleksdəki partlayışdan danışdı - FOTO
“Mən bu hadisənin canlı şahidi deyiləm. Çünki xəstələndiyimdən zalı partlayışdan yarım saat tez tərk etmişdim”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Mariya Filipova deyib.

Təcrübəli libero dekabrın 27-də komandasının idman kompleksində baş verən partlayış barədə danışıb.

O, bolqarıstanlı həmkarlarımıza açıqlamasında bildirib ki, hadisə barədə yalnız rəfiqələrindən eşidib: “Onlar trenajor zalında yalnız isinmə etdikdən sonra partlayışın səsini eşidib, divarların necə titrədiyini hiss ediblər. Mənə dediklərinə görə, dərhal əşyalarını yığıb binanı tərk ediblər. Partlayış isə kompleksinin digər tərəfində olub. Ora bazanın restoranı idi, həmin yerdə qazanxana yerləşirdi. Digər tərəfdə isə bizim trenajor və oyun zalı yerləşir. Mən belə başa düşdüm ki, qaz sistemində problem olub”.

Filipova artıq hər şeyin qaydasına düşdüyünü, məşqləri bərpa etdiklərini də deyib: “Özümə gəlincə, hər şey qaydasındadır. Biz CEV kubokunun növbəti mərhələsinə hazırlaşırıq. Həmin matçda Polşanın “Bank Fakro” klubu ilə qarşılaşacağıq. Lakin Azərbaycan Super Liqasının nə vaxt bərpa olunacağını hələ bilmirəm”.

Qeyd edək ki, “Lokomotiv” İdman Kompleksinin bazasında baş verən partlayışda 1 nəfər dünyasını dəyişmiş, 1 nəfər isə yaralanmışdı.