Yığmamız qrupda qaldı
04.01.2014 - 22:27
Yığmamız qrupda qaldı
20 yaşadək oğlan voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, cəmi 3 komandanın iştirakı ilə keçirilən mərhələ Azərbaycan yığması üçün uğursuz alınıb.

İngiltərənin Ketterinq şəhərində baş tutan ilk görüşündə Norveçə 3 seydə uduzan Sillie Tabares Leonardonun çalışdırdığı millimiz bu dəfə meydan sahibləri qarşısında aciz qalıb – 0:3 (18:25, 9:25, 17:25).

Bu məğlubiyyət isə komandamızın yarışı tərk etməsi ilə nəticələnib. Çünki 3 millidən 2-si mərhələ adlamalıdır. Turniri xalsız bitirən millimiz isə qrup sonuncusu olub. Mərhələ adladığı rəsmiləşən digər iki komandanın sabahki oyunu isə formal xarakter daşıyacaq.

Qeyd edək ki, komandamızın ən yaxşısı olan Aqil Ağazadə qarşılaşmada 8 xal toplayıb.