Çempionlar Liqasının qalibinin Bakı sınağı
15.01.2014 - 17:24
Çempionlar Liqasının qalibinin Bakı sınağı
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin ilk matçları başa çatacaq. Apasport.az saytının məlumatına görə, axırıncı oyun günündə Bakının “İqtisadçı” klubu Türkiyən “Vakıfbank”ını qəbul edəcək.

Analoji yarışın son qalibi matçın aşkar favoritidir. Çünki Bülənt Karslıoğlu yetirmələri üçün 70 görüşdür məğlubiyyət nə olduğunu bilməyən İstanbul təmsilçisini durdurmaq heç də asan olmayacaq.

Lakin doğma divarlar və azarkeşlər Super Liqanın gümüş mükafatçısının köməyinə gələ bilər. İlk dəfə iştirak etdiyi yarışda pley-offa yüksəlməyi bacaran “tələbələr”in rəqibə ciddi müqavimət göstərəcəyi sözsüzdür. Çünki komandanın daha yaxşı hazırlığı üçün Azərbaycan çempionatında oyunlarının təxirə salınması, heyətə yeni voleybolçuların cəlb edilməsi belə deməyə əsas verir. Hətta “İqtisadçı”nın qarşılaşmanı ən azından tay-brekə daşıması da istisna deyil.

Bütün bunlara baxmayaraq, görüşün voleybolsevərlərimiz üçün bayram əhval-ruhiyyəsində keçməsi isə gözləniləndir. Öz oyun üslubu ilə seçilən hər 2 klub baxımlı voleybol nümayiş etdirmək gücündədir.

Çempionlar Liqası
I pley-off mərhələsi
16 yanvar


18:00. “İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə)
Hakimlər: Aleksey Paşkeviç (Rusiya), Kristof Szmidinski (Polşa)
Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, bu cütün potensial rəqibləri – “Kann” (Fransa) – “Qalatasaray” (Türkiyə) artıq ilk oyunlarını keçiriblər. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.