Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Bakı klublarından “Azərreyl” səfərdə, “Lokomotiv” doğma divarlar arasında gücünü yoxlayacaq.
Komandalarımızdan öncə meydana Aleksandr Çervyakovun yetirmələri çıxacaq. Lakin Bakıda “Uraloçka”ya uduzan “Azərreyl”i Yekaterinburqda heç də asan görüş gözləmir. Voleybolçularımızın evdə uda bilmədikləri rəqibə səfərdə qalib gəlməsi asan olmayacaq.
“Azərreyl” bunu bacarsa belə (3:2 hesablı qələbə istisnadır) “Qızıl set”də bir daha gücünü yoxlayacaq. Bu səbəbdən komandamız matça həm fiziki, həm də psixoloji baxımdan hazır olmalıdır.
Onlarla müqayisədə, “Lokomotiv” ikinci görüşünü doğma divarlar arasında keçirəcək. “Dəmiryolçu”ların güclü “Bank Fakro”nu keçmək şansı heç də yüksək qiymətləndirilmir. Çünki onlar ilk görüşdə “quru hesab”la uduzduqlarından bu dəfə 1 hissədən artıq məğlub olarlarsa, yarışa vaxtından öncə “əlvida” deyəcəklər.
Lakin komandamızın köməyinə kollektiv oyun və yeni yaradılan fanklubunun gəlməsi istisna deyil. Əgər matç “Lokomotiv”in istədiyi kimi alınarsa, onlar psixoloji baxımdan “Qızıl set”də də üstünlüyə malik olacaqlar.
CEV kuboku
1/4 final, cavab oyunları
22 yanvar
16:30. “Uraloçka” (Rusiya) – “Azərreyl” (Azərbaycan)
Hakimlər: İlhami Şenyurt (Türkiyə), Vyaçeslav Prozorov (Moldova)
Yekaterinburq, DİVS Uraloçka
İlk oyun: “Azərreyl” (Azərbaycan) – “Uraloçka” (Rusiya) - 1:3 (25:22; 23:25; 13:25; 16:25)
23 yanvar
18:00. “Lokomotiv” (Azərbaycan) – “Bank Fakro” (Polşa)
Hakimlər: Onur Hosnut (Türkiyə), Kristina Fort (Rumıniya)
Bakı, Voleybol Mərkəzi
İlk oyun: “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan)- 3:0 (25:15, 25:23, 26:24)
Qeyd edək ki, Çempionlar Liqasında qrupda qalan “Azəryol” da CEV kubokunda çıxışını davam etdirəcək. Amma onlar mübarizəyə “Çelenc raund”dan qoşulacaq.