Qadın voleybolçular arasında CEV kubokunun 1/2 final mərhələsinin ilk görüşlərini idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Azəryol”un finala gedən yolda “Fənərbaxça” ilə oyununu fransalı Yanik Çaladaya tapşırıb.
Fevralın 25-də İstanbulda baş tutacaq qarşılaşmada İvaylo İvanov (Bolqarıstan) isə ikinci referi funksiyasını daşıyacaq.
Yeri gəlmişkən, Çaladay “Azəryol”un Çempionlar Liqasının qrup mərhələsində son oyununun da əsas hakimi olub. Lakin onun “Yamamay”la (İtaliya) idarə etdiyi görüş Bakı təmsilçisi üçün uğursuz alınıb. Çünki Ancelo Vercesinin yetirmələri 0:3 hesablı məğlubiyyətdən sonra qitənin ən nüfuzlu klub turniri ilə vidalaşaraq, CEV kubokuna eniblər.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.