“Qrupumuzdakı Asiya təmsilçiləri Çin və Yaponiya ilə o qədər də çox qarşılaşmamışıq. Sonuncu belə görüş 2010-cu ildə keçirilən Universiadada olub”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belçika millisinin baş məşqçisi Gert Vande Bruk deyib.
Təcrübəli mütəxəssis İtaliyanın Parma şəhərində keçirilən dünya çempionatının final mərhələsinin püşkatmasını dəyərləndirib.
Bruk Yaponiya, Çin və 2 Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) təmsilçisi ilə birgə rəqibləri olan Azərbaycan millisinin də gücü haqda fikirlərini açıqlayıb: “Şimali Amerika təmsilçilərindən kiminlə qarşılaşacağımız hələ bəlli deyil. Bu iyun ayında dəqiqləşəcək. Bizə ümid etmək qalır ki, ABŞ millisi yer aldığımız D qrupuna düşməsin. Elə Azərbaycan yığması da tam əks oyun üslubunda çıxış edir. Bu üslub daha çox Asiya ölkələrinə xasdır. Çünki onlar da sürətli voleybola üstünlük verirlər. Üstəlik, Azərbaycan millisi həm də güc voleybolu nümayiş etdirir. Amma bütün bunlara baxmayaraq, məqsədimiz mərhələ adlamaqdır. Çünki bu mümkünsüz deyil. Qrupumuzu kifayət qədər balanslanmış hesab edirəm. Yeganə mənfi cəhət isə odur ki, qrupumuzda Kamerun və ya Tunis kimi aşkar zəif rəqib yoxdur”.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək. Qrupda ilk 4 yeri tutacaq komandalar mərhələ adlayacaq.