“Azərbaycana yollanmaqda risk görmürük”
26.02.2014 - 15:37
“Azərbaycana yollanmaqda risk görmürük”

Azərbaycan çempionu “Rabitə”nin dəvəti ilə ölkəmizə gələn “Tauron” klubu səfərin səmərəli keçəcəyini düşünür. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi bakılılarla təlim-məşq toplanışından sonra ölkə kubokunun final mərhələsində inamlı çıxışa ümid bağlayır.

 

“Tauron”un baş məşqçisi Nikola Neqro bildirib ki, “Rabitə” qitənin ən güclülərindəndir və bu yetirmələri üçün yaxşı təcrübə olacaq: “Bakıdakı toplanış müddətində Polşa kubokunun finalına hazırlaşacağıq. Yoxlama oyunundakı rəqibimiz “Rabitə” də daha nüfuzlu Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıq keçəcək. İnanıram ki, məşqlər hər 2 kluba böyük fayda verəcək”.

 

Komandanın idman direktoru Robert Karlik də Azərbaycana səfərdən məmnundur: “İndi final mərhələsinə hazırlaşmaq üçün bir müddət vaxtımız var. Komandamızın məşqçiləri belə qənaətə gəliblər ki, hazırlıq müddətində “Rabitə” ilə sınaq matçları keçirməyimiz xeyrimizə olacaq. Belə bir güclü komandanın bizi yoxlama oyununa çağırması sevindiricidir. Daxili yarışların vacib hissəsi ərəfəsində ölkə xaricinə yollanmağa gəlincə, burada risk görmürük. Mövsüm öncəsi ABŞ-a gedərkən həm səfərin vaxtı, həm də yolun uzunluğu komandaya təsir etmişdi. Amma bu dəfə 2 həftəlik deyil, bir neçə günlük səfərə çıxacağıq. Bu üzdən də yoxlama matçlarının yalnız faydalı olacağını düşünürəm”.

 

Qeyd edək ki, fevralın 25-də Azərbaycana gələn “Tauron” martın 2-dək ölkəmizdə olacaq və “Rabitə” ilə 2 yoxlama oyunu keçirəcək.