“Bakıda oynamaq həmişə məsuliyyətlidir. Çünki orada insanlar səndən daha çox şey gözləyirlər”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin voleybolçusu Çyara di Yulio deyib.
Təcrübəli hücumçu vətənində “Azəryol”da keçirdiyi bir ili şərh edib. Böyük ümidlərlə transfer olunan, lakin lazımı oyunu göstərə bilməyən Yulio ölkəmiz və Bakı klubu barədə yalnız xoş sözlər deyib.
Super Liqanın gümüş medalını qazanan oyunçu deyib ki, Azərbaycanda əla vaxt keçirib: “Bu ölkənin paytaxtı Bakı çox gözəldir. Orada keçirdiyim bir mövsümdən çox razıyam. “Azəryol”da həm peşəkar idmançı kimi daha da irəli getməyi, həm də həyat təcrübəsi qazandım. Bu komandanın heyətində dünyanın ən güclü voleybolçuları ilə qarşılaşdım. Klublarda isə legionerlər çoxluq təşkil etsələr də, onlardan qeyri-adi oyun gözləyirlər. Lakin bütün bunlar mənim xoşuma gəldi”.
Yulio digər legionerlər kimi Bakının tıxacları barədə də həmyerlilərinə danışıb. Gələcək karyerasına hələ aydınlıq gəlməyən hücumçu nəqliyyat vasitələrinin ucuzluğunu isə fəxrlə vurğulayıb: “Bakıda dəhşətli dərəcədə tıxaclar var. Mənim orada avtomobilim olmasa da, klub bizim üçün avtobus ayırmışdı. Bu da bizim hərəkətimizi yüngülləşdirirdi. Evdən məşq zalına da hamımızı həmin avtobus aparırdı. Boş vaxtlarımızda isə taksi ilə gəzirdik. Bu nəqliyyat vasitəsi də Azərbaycanda çox ucuz qiymətədir. Həmçinin, metro lap aşağı qiymətədir. Yəni, daha ucuz - təxminən 20 sentədir”.
İtaliyalı oyunçu mətbəximizi də bəyənib. Onun sözlərinə görə, milli yeməklərimiz ölkəsinin təamlarını layiqincə əvəz edə bilər: “Yerli mətbəxə elə ilk gündən uyğunlaşdım. Bu yeməklər dadına görə İtaliya yeməklərini 100 faiz əvəz edə bilirdi”.
Yulio bildirib ki, “Azəryol”un azarkeşləri daima komanda ilə birgə olsalar da, həmvətənlərinə çata bilməzlər: “Bakıdakı hər komandanın öz məşq zalı var. Azarkeşlər “Azəryol”u və məni çox sevsələr də, italiyadakı kimi mükəmməl dəstək yox idi. Yəni, hansısa azarkeş qrupunun rəhbərinin dediyini təkrarlasınlar, bir dayanıb, bir şüarlar səsləndirsinlər, bax, bu sarıdan italiyalılardan geridədirlər. Amma tamaşaçılardan çox razı qaldığımı da deməliyəm. Çünki hər oyundan sonra onlar bizə yaxınlaşıb, təbriklərini çatdırır, avtoqraflar alırdılar”.
Qeyd edək ki, Yulio ilə müqaviləsinin uzadılmayacağı rəsmən açıqlanmasa da, onun yeni mövsümdə komandada olacağı inandırıcı deyil.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO