Bir müddət öncə “Azəryol”un təklifini rədd edən cənubi koreyalı Yeon-Kounq Kim bu komanda ilə CEV kubokunun 1/2 final mərhələsinin ilk oyunundakı qələbəni böyük sevinclə qarşılayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunda oynayan asiyalı voleybolçu qələbəni rəfiqələrindən fərqli qeyd edib.
Belə ki, Burhan Fələk Voleybol Salonundakı matçla ad günü eyni tarixə təsadüf edən Kim görüşün ən məhsuldar oyunçusu olmaqla yanaşı, “Azəryol”un darmadağının memarı olub. Koreyalı qarşılaşmadan sonra komanda yoldaşlarına sürpriz edərək, onları ziyafətə aparıb. Ad günündə qələbənin şirinliyindən danışan hücumçu oyun ərəfəsində gözlənilməz hədiyyə ilə də qarşılaşıb. Belə ki, İdman Arbitraj Məhkəməsi onun yerli “Heungkuk” klubu ilə bağlılığının qalmadığı və Yeon-Kounqun istədiyi kluba sərbəst keçə biləcəyi halda qərar çıxarıb.
Qeyd edək ki, “Azəryol” 26 yaşını tamam edən voleybolçu üçün 1,5 milyon dollar verməyə hazır idi.