“Azəryol”un ən bahalı transferinin “səviyyəsi” bilindi
26.02.2014 - 09:21
“Azəryol”un ən bahalı transferinin “səviyyəsi” bilindi

Qadın voleybolçular arasında CEV kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin 3:0 hesablı darmadağını ilə başa çatan oyunun qəhrəmanı Yeon-Kounq Kim olub.

 

Vaxtı ilə “Azəryol”un elçi düşdüyü cənubi koreyalı hücumçu Bakı klubundan 16 xal alıb. Ancelo Vercesinin yetirmələrindən ən məhsuldarı isə Polina Rəhimova olub. Əvəzetmələrlə meydana girən yığmamızın oyunçusunun 8 zərbəsi dəqiq alınıb.

 

Digər voleybolçularımıza gəlincə, Çyara di Yulio 7, Anneris Varqas 4, Yana Ağayeva 3, Odina Əliyeva ilə Oksana Parxomenko hərəyə 2, Kseniya Kovalenko və Yuside Sillie hərəyə 1 xal toplayıb. Komandamızın ən bahalı transferlərindən biri almaniyalı Marqareta Kozux isə bərbad oyunu ilə “fərqlənib” və 1 dəqiq zərbə belə vura bilməyib.

 

Qeyd edək, cavab matçı martın 1-də olacaq.