“Bakıda darıxmağa vaxtım olmurdu” - MÜSAHİBƏ
12.05.2014 - 11:37
“Bakıda darıxmağa vaxtım olmurdu” - MÜSAHİBƏ

“Rabitə”nin voleybolçusu Dora Horvat vətəni Macarıstanda müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2013/2014 mövsümünün əvvəlində Rusiyanın “Ufimoçka” klubundan transfer olunan və 3 illik müqaviləyə imza atan 26 yaşlı hücumçu keçidindən, ölkəmizdəki yaşayış tərzindən və Bakı klubundan danışıb.

 

- Öncə 1 il əvvələ qayıdaq. Bakı klubuna keçidiniz necə baş tutdu?

- Ötən mövsümün sonunda “Rabitə” məni heyətində görmək istədi və dərhal razılıq verdim. Bu klub Avropanın ən güclülərindəndir. Belə bir komandada oynamaq mənim üçün şərəfdir.

 

- Azərbaycan haqda fikirləriniz necədir?

- Mən ölkə haqda danışa bilmərəm. Çünki yalnız Bakıda olmuşam. Bura inkişaf etməkdə olan çox gözəl şəhərdir. Paytaxtın köhnə hissəsini necə saxlamaları çox xoşuma gəldi. Bakıda o qədər yeni layihələr, parklar, binalar var ki, hətta dənizkənarı bulvarı da uzadırlar. Orada hər şey cəlbedicidir.

 

- Bakıda gününüz necə keçir?

- Bakıda darıxmağa vaxtım olmurdu. Çoxlu məşq edirdik. Hətta gündə 2 dəfə hazırlıq keçirdik. Vaxtımız olan kimi müxtəlif parklarda və bulvarda gəzməyə çıxır, ya da komanda yoldaşlarımızla bir araya gəlirdik.

 

- Şəhərdə nə ilə hərəkət edirdiz?

- İctimai nəqliyyat yaxşı səviyyədədir. Adətən metrodan istifadə edirdim. Amma bəzən taksiyə də ehtiyac duyurdum. Burada taksi çox ucuzdur. Məşqə gedəndə isə avtobusla hərəkət edirdim.

 

- Budapeştə necə qayıtdız?

- Macarıstana İstanbulda dayanmaqla birbaşa aviareyslə qayıtdım.

 

- Komanda yoldaşlarınızla çox vaxt keçirirsiz?

- Bizim çox mehriban kollektivimiz var. Bir yerə yığışıb televiziyada şouları izləyir, bəzi maraqlı oyunlar oynayırdıq.

 

- Axşam gəzintisi də olurdu?

- Bizim şam yeməkləri üçün yerimiz vardı. Adətən həmin məkana toplaşırdıq.

 

- Azərbaycan mətbəxi barədə nə deyirdiz?

- Türkiyə mətbəxinə çox oxşayır. Kabablar, salatlar – onları yavan da yemək olur.

 

- Sizin sevimli Azərbaycan yeməyiniz hansıdır?

- Plovdur. Həmin yemək düyü, ət, meyvə quruları və kişmişin qarışığından hazırlanan yeməkdir.

 

- Orada 1 litr su neçəyədir?

- 1 avroya 5 litrlik qabda su almaq olur.

 

- Bəs pendir?

- Bunu 1,60 avroya alırdım.

 

- 2 nəfərlik şam yeməyi neçəyə başa gəlir?

- Azərbaycan restoranlarında 3 nəfərə yaxşı yeyib-içmək haradasa 40 avroya başa gəlir.

 

- Çempionlar Liqasında hədəfiniz məhz “Dördlər finalı”nda oynamaq idi?

- Yox. Biz sadəcə iştirak deyil, kuboku qazanmalı idik. Qızıl medal istəyirdik. Ola bilsin ki, komanda üçün üçüncü yer üzüntüdür. Amma mənim üçün bu da sevindiricidir.

 

- Qələbə üçün nə çatmadı?

- Texniki cəhətdən güclü idik. Lakin lazımı dərəcədə özümüzü göstərə bilmədik.

 

- “Rabitə”də ən yaxın rəfiqəniz kimdir?

- Adətən qızlar yaxın millətlərlə daha tez ünsiyyət qururlar. Mən avstraliyalı Reyçel Rurkla daha yaxınam.

 

- Artıq yeni titulunuz da var...

- Bəli, “Rabitə” mövsümü uğurla başa vurdu. Komandanın titulunu qorumasında bütün gücümüzü qoyduq və növbəti Azərbaycan çempionluğunu bayram etdik.