“Çalışacağam ki, Bakı klubu üçün faydalı olum”
12.05.2014 - 13:18
“Çalışacağam ki, Bakı klubu üçün faydalı olum”

“Ötən mövsümkü uğurlarıma çox şadam və bununla fəxr edirəm. “Vakıfbank” böyük rəqabətə baxmayaraq, titul qazana bildi”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un yeni transferi Yovan Brakoçeviç deyib.

 

Serbiyalı ulduz Bakı klubu ilə müqavilə bağladıqdan sonra ilk açıqlamasını verib. 2012-2014- illərdə Türkiyənin “Vakıfbank” klubunun şərəfini qoruyan 26 yaşlı hücumçu öncə sabiq komandası barədə danışıb. Bu komanda ilə Çempionlar Liqasını da qazanan Brakoçeviç bildirib ki, son mövsümdə Türkiyə çempionatının qızıl medalını qazanmaq heç də asan olmayıb: “Bu bir daha onu göstərdi ki, biz əla komandayıq. “Qalatasaray”la oyunlardan yaxşı dərs götürdük ki, bu da bizə çempionluğu qazanmaq üçün “Fənərbaxça” ilə görüşdə əlavə güc verdi”.

 

Brakoçeviçin sözlərinə görə, “Azəryol”u seçməsində bəzi məqamlar rol oynayıb. O, İstanbul təmsilçisindən getməyin vaxtı olduğuna Bakı klubunu seçdiyini deyib: “Düşünürəm ki, artıq “Vakıfbank”la vidalaşmağın vaxtı idi. 2 il bu komanda ilə xoş anlar yaşadım. Növbəti mövsümdə Bakı “Azəryol”unun formasını geyinəcəyəm. Həmin günü səbirsizliklə gözləyirəm. Çalışacağam ki, Bakı klubu üçün faydalı olum”.

 

Qeyd edək ki, Brakoçevoç “Azəryol”la 1 illik müqavilə bağlayıb.