“Fənərbaxça” səddi: “Azəryol” səfər sindromunu qıra biləcəkmi?
24.02.2014 - 16:28
“Fənərbaxça” səddi: “Azəryol” səfər sindromunu qıra biləcəkmi?

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/2 final görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, finala gedən yolda “Azəryol” “Fənərbaxça” ilə qarşılaşacaq.

 

İlk matç cütün favoriti hesab olunan “sarı-lacivərdlilər”in meydanında baş tutacaq. Hazırda Türkiyə Superliqasına başçılıq edən İstanbul təmsilçisinin evdə bürüyəcəyi inandırıcı görünmür. Çünki yaxşı formada olan komanda “Azəryol”la müqayisədə qeyri-stabil oyun nümayiş etdirmir.

 

Ancelo Vercesinin yetirmələri isə sensasiya arzusundadırlar. Onlar Çempionlar Liqasındakı uğursuzluğu CEV kubokunda unutdurmaq istəyirlər. Amma bunun Bakı təmsilçisi üçün heç də asan olacağı gözlənilmir. Çünki rəqibin baş məşqçisi Marçello Abbondanza “Azəryol”u yaxşı tanıyır. O, “Rabitə”nin baş məşqçisi olduğu zaman bu komandaya uduzmayıb.

 

Bu mövsüm səfərdə qələbə qazana bilməyən komandamız görüşü tay-brekə daşıya bilsə, martın 1-də keçiriləcək cavab oyuna böyük ümid bağlaya bilər. Əks halda, “Azəryol” Bakıda məğlubiyyətin qisasını almalı, taleyini “Qızıl set”ə daşımalıdır.

 

25 fevral

CEV kuboku

1/2 final, ilk oyun

19:00. “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan)

Hakimlər: Yanik Çaladay (Fransa), İvaylo İvanov (Bolqarıstan)

 

Qeyd edək ki, digər yarımfinal cütündə “Uraloçka” (Rusiya) “Dresdner”i qəbul edəcək.