“Rusiya Superliqasında “Fakel”lə matç Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıq çərçivəsində bizə kömək etməlidir. Nəticədən də, qızların oyunundan da razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının yarımfinalında “Rabitə”nin rəqibi “Dinamo”nun (Kazan) baş məşqçisi Rişat Qilyazutdinov deyib.
Təcrübəli mütəxəssis ölkə çempionatının XV turunda “Fakel”ə 3:0 hesabı ilə qalib gəldikdən sonra həmin matç və Bakıda keçiriləcək “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Qilyazutdinov bildirib ki, qarşılaşmanı çox yüksək fiziki səviyyədə keçiriblər: “Üstəlik, oyuna köklənmə də belə nəticəyə çıxardı. Çempionlar Liqasının hazırlığına gəlincə, hər bir məşqçinin həmişə müəyyən şübhələri olur və məndə də belədir. Buna görə də əminliklə və birmənalı şəkildə yarışa hazır olduğumuzu deyə bilmərəm. Lakin onu bildirməliyəm ki, məşqlərimizi davam etdiririk. Formamızın ən yüksək nöqtəsinə “Dördlər finalı”nda yetişmək istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq”.
Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da “Kristal Hall”da olacaq.