“Natalya Məmmədovanın meydana nə vaxt çıxacağını demək çətindir”
25.03.2014 - 12:27
“Natalya Məmmədovanın meydana nə vaxt çıxacağını demək çətindir”

Rusiyanın “Omiçka” klubunun şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın meydana dönüşünün dəqiq vaxtı bilinmir. Apasport.az saytının məlumatına görə, bu barədə Omsk təmsilçisinin baş məşqçisi Zoran Terziç açıqlama verib.

 

O, Rusiya Superliqasının XVIII turunda Moskva “Dinamo”su ilə oyunu şərh edərkən bildirib ki, zədədən əziyyət çəkən Məmmədova bərpa dövrü keçir: “Dinamo”ya qarşı çox baxımlı oyun nümayiş etdirdik. Kazanın eyniadlı təmsilçisinə məğlubiyyətdən sonra çox vacib qələbə qazandıq. Bu, ikinci pillə uğrunda oyun idi. Komandamla fəxr edirəm. Onlar sübut etdilər ki, hətta Natalya Məmmədova kimi əsas oyunçu oynamadıqda belə mübarizə aparmağı bacarırlar. Natalya zədədən sonra bərpa dövrü keçir. Onun meydana nə vaxt çıxacağını demək çətindir. Sadəcə, gözləmək lazımdır”.

 

Qeyd edək ki, “Omiçka” “Dinamo”ya 3:2 hesabı ilə qalib gəlib.