“Öncə Azərbaycanla oyunlarda qalib gəlməliyik”
03.07.2014 - 08:29
“Öncə Azərbaycanla oyunlarda qalib gəlməliyik”

“Qrupumuzda mübarizə aparan komandaların hamısı bir-birinə yaxın mövqelərdə qərarlaşıb. Bu yığmaların səviyyələri də çox yaxındır”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Sloveniya millisinin baş məşqçisi Bruno Naydiç deyib.

 

O bildirib ki, Avropa Liqasının yarımfinalına yüksəlmək öz əllərindədir.

 

Bu həftə Azərbaycan yığması ilə görüşəcək, son oyunlarda da Türkiyəni sınağa çəkəcək balkanlıların çalışdırıcısı bütün bu qarşılaşmaların evdə keçirilməsindən yararlanmağın mümkünlüyünü qeyd edib: “Azərbaycan və Türkiyə milliləri ilə evdə oynamağımız o demək deyil ki, hər iki matçda qalib gələcəyik. Əsas işi meydanda görməliyik. Yaxşı oynamayandan sonra doğma meydan amili də kömək etməyəcək. Yaxşı hazırlıq keçmişik. Öncə Azərbaycanla oyunlarda qalib gəlməliyik. Bundan sonra turnir cədvəlindəki mövqeyimiz düzələcək və mərhələ adlamaq üçün son görüşlərdə mübarizə aparacağıq”.

 

Qeyd edək ki, son 4 tur ərəfəsində yarımfinala iki vəsiqəyə əsas namizədlər Türkiyə 15, Bolqarıstan 14, Sloveniya 12 xala malikdir. Yalnız nəzəri şansları qalan Azərbaycan yığmasının 7 xalı var.