“Azəryol”la oyun öncəsi voleybolçular yaxşı durumdadılar. Onlar ölkə çempionatında “Kann”a qalib gəlməklə də məni təəccübləndirmədilər”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Nant” voleybol klubunun baş məşqçisi Silvian Kvinkvis deyib.
Çalışdırıcı Çempionlar Liqasının ilk turunda “Azəryol”la oyundan çəkinmədiklərini açıqlayıb. O bildirib ki, qitənin ən nüfuzlu klub turnirində yetirmələrinə güvənir: “Voleybolçularımız çox enerjilidirlər. Onlar dünya səviyyəli oyunçuları olan “Azəryol”la matçın əhəmiyyətini başa düşürlər. Komandamda “Kann”la 5 setlik oyundan sonra hansısa yorğunluq görmədim, məşqimiz çox yaxşı keçdi. 2 gündür topa toxunmamışıq. Düşünürəm ki, oyunçular lazımı sürət göstərib, yaxşı iş görüblər. Texniki cəhətdən matça hazırıq. Bir neçə saatdan sonra oynayacağımız görüş bizim üçün top-prioritet sayılmır. “Azəryol”la matçda planlarımıza xal götürmək daxil deyil. Şəxsən məqsədim “Kann”la oyundakı keyfiyyəti və intensivliyi görməkdi. Əgər belə etsək, bəlkə də xal qazana bilərik. Rəqib hündür oyunçulara malikdir və fiziki gücə sahibdir. Bunun üçün də ağıllı oynayıb, səhvə yol vermirlər. Çalışacağıq ki, Bakıda da özümüzü yaxşı tərəfdən göstərək”.
Kvinkvisin sözlərinə görə, məqsədləri Çempionlar Liqasında 3-cü yeri tutub, mübarizəni CEV kubokunun “Çelenc raund”unda davam etdirməkdi. O, həmçinin, Bakı və Azərbaycan voleybolu haqda yüksək fikirlər səsləndirib. Çalışdırıcı bildirib ki, ölkəmizdə bu sahə yüksələn xətlə inkişafdadı.