[b]202 sm boya malik iranlı voleybolçu Azərbaycan yığmasına çağrıldı[/b]
19.04.2014 - 11:12
[b]202 sm boya malik iranlı voleybolçu Azərbaycan yığmasına çağrıldı[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, kubalı baş məşqçimiz Sillie Tabares Leonardo 2015-ci ildə keçiriləcək Avropa çempionatının I təsnifat mərhələsində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

 

O, komandaya 16 voleybolçu dəvət edib. Yarışın III qrupunda Gürcüstan, Makedoniya və İsveçlə mübarizə aparacaq yığmamızda Emil Abdullayev, Fərhad Ədəli Səidabad, Aqil Ağazadə, Asif Əliyev, Kənan Allahverdiyev, Vüqar Bayramov, Aleksey Çervyakov, Tural Həsənli, Yevgeni Kovalenko, Vadim Kutukov, Alif Məmmədli, Dmitri Obodnikov, Laçın Rzayev, Pərviz Səmədov, Cavid Süleymanov və Aleksandr Teterin meydana çıxmaq şansı qazanacaq.

 

Bu oyunçulardan 3-ü əsas millimizə ilk dəfə çağırılıb. Məmmədli və Rzayev yerli voleybolçular olsalar da, Səidabad legionerdir. 1984-cü ildə İranda anadan olan Fərhad 202 sm boya malikdir və blokçudur. Onun karyerası əsasən Urmiyanın “Şəhrdari” klubuna bağlı olub.

 

Komandada həmçinin, ötən ildən düşərgəyə dəvət olunan və milli formasını geyinməyən voleybolçular da var.

 

Qeyd edək ki, mayın 9-11-də baş tutacaq qrup oyunlarına Makedoniya ev sahibliyi edəcək. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.