De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
30.09.2026 - 15:04
De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”

“Fiorentina”nın qapıçısı, sabiq “Mançester Yunayted”li David de Xea “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda günahkar bilinməsinə yenidən ironik reaksiya verib.

Apasport.az xəbər verir ki, ispaniyalı qolkiper Premyer Liqanın rəsmi açıqlamasından sonra sosial şəbəkə hesabında “Deməli, yenidən danışırıq...” sözlərini yazıb.

Premyer Liqa sentyabrın 29-da müstəqil komissiyanın “Mançester Siti”ni ciddi maliyyə pozuntuları ilə bağlı bütün ittihamlar, araşdırma ilə əməkdaşlıq etməmə üzrə isə ittihamların əksəriyyətində günahkar bildiyini açıqlayıb. 

De Xea daha əvvəl də məsələyə istehza ilə yanaşaraq “Belə çıxır, mən neçə Premyer Liqa çempionluğu qazanmışam?” paylaşımını etmişdi.

35 yaşlı qapıçı “Mançester Yunayted”lə rəsmi olaraq bir dəfə – 2012/13 mövsümündə İngiltərə çempionu olub. “Mançester Siti”nin 2011/12 və 2017/18 mövsümlərində qazandığı çempionluqların gələcəkdə ləğv olunacağı təqdirdə isə həmin mövsümləri ikinci pillədə başa vuran “Yunayted”in taleyinin necə müəyyənləşdiriləcəyi ayrıca qərardan asılı olacaq. Hazırda titulların geri alınması ilə bağlı yekun qərar yoxdur. 

“Mançester Siti” qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Klub komissiyanın qərarında maddi və hüquqi səhvlərin olduğunu iddia edir. 

Qeyd edək ki, iş üzrə mümkün sanksiyalar hələ açıqlanmayıb.