[b]Beşi birdən[/b]
05.05.2014 - 08:58
[b]Beşi birdən[/b]

Yeni mövsüm üçün qarşısına ciddi məqsəd qoyan “Azəryol” heyətini formalaşdırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Türkiyə klublarına lazım olmayan voleybolçularla razılıq əldə edib.

Belə ki, ötən mövsüm avrokuboklarda uğursuz çıxış edən komanda “Vakıfbank”ın sönmüş ulduzu Yelena Nikoliçi rənglərinə bağlayıb. “Lokomotiv”in də transfer siyahısında olan 32 yaşlı serbiyalı növbəti 1 ilini “Azəryol”un düşərgəsində keçirəcək.

Nikoliç ölkəmizə gələnə kimi vətəni və Türkiyə ilə yanaşı, İtaliya və Fransa klublarında çıxış edib. Avropa çempionu və Avropa Liqasının da qalibi olan hücumçunun kolleksiyası medallarla zəngindir. O, Fransada, Türkiyədə, həmçinin, Çempionlar Liqası və klublararası dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Lakin 2012/2013 mövsümünü klubsuz keçirən Yelena “Vakıfbank”a qayıtdıqdan sonra gününü ehtiyat oyunçular skamyasında keçirib.

“Azəryol”un digər transferi isə Türkiyənin “Əczaçıbaşı” klubundandır. Komanda bu ilin yanvarından İstanbul təmsilçisinə keçən, lakin ümidləri doğrultmayan Andressa Pikussa ilə anlaşıb. 25 yaşlı braziliyalı blokçu ilə hələlik 1 illik müqavilə imzalanıb. Pikussa Nikoliçlə müqayisədə ciddi uğurlara sahib olmayıb. İstanbul klubuna gəlincə karyerası vətəninə bağlı olan 194 sm boya malik oyunçu yalnız yığması ilə Panamerika Oyunlarının finalına yüksəlib.

2013/2014 mövsümündə “Azərreyl”in şərəfini qoruyan Lora Kitipova da əsas komandaya gəlib. O, ən azı 1 il “Azəryol”un uğurları üçün çalışacaq.

Bakı təmsilçisi, həmçinin ötən mövsümkü heyətindən daha 2 voleybolçu ilə müqaviləni uzadıb. Bunlar yığmamızın üzvləri Oksana Parxomenko və Polina Rəhimovadır.

Qeyd edək ki, “Azəryol” bu oyunçulardan öncə Odina Əliyavını da heyətdə saxlamağı bacarmışdı.