[b]Hamısı yatmış, ikisi oyaq[/b]
31.05.2014 - 20:36
[b]Hamısı yatmış, ikisi oyaq[/b]

Qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsinin sonuncu - VI turu çərçivəsində keçirilən Azərbaycan - Bolqarıstan görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 1:3 hesabı ilə uduzduğu qarşılaşmanın bombardiri yenə Polina Rəhimova olub.

 

Hücumçumuz komandamızın aktivinə 19 xal yazsa da, rəqibin qələbəsinə mane ola bilməyib. Yığmamızın heyətində ondan sonrakı yeri Ayşən Abduləzimova tutub. Gənc blokçumuz 10 xal yığıb.

 

Faiq Qarayevin digər yetirmələrindən Kseniya Kovalenko ilə Natalya Məmmədova hərəyə 6, Yekaterina Jidkova 5, Yana Ağayeva və Oksana Parxomenko hərəyə 4 dəqiq zərbə vurub. Maraqlıdır ki, meydanda olan voleybolçularının hamısının topladığı xal Rəhimova ilə Abduləzimovanın birgə yığdığı xala çatmayıb – 25:29.

 

Kollektiv oyun nümayiş etdirən bolqarların heyətində isə Dobriana Rabadjiyava məhsuldarlıq nümayiş etdirib. “Rabitə”nin sabiq hücumçusu 17 xala sevinib.

 

Qeyd edək ki, Bolqarıstana məğlubiyyət komandamızın birbaşa finala getməsinə imkan verməyib. Rəqib həlledici matçlara yüksəldiyi halda, Azərbaycan yığması pley-off oynayacaq.