[b]Natalya Məmmədova: Lazım olduğu qədər hücum edəcəm[/b]
13.05.2014 - 09:22
[b]Natalya Məmmədova: Lazım olduğu qədər hücum edəcəm[/b]

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova haqqında yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu agenti Sergey Makarovun ardınca Rusiyanın “Omiçka” klubundan gedəcəyi ilə bağlı söz-söhbətlərə son qoyub.

 

“Omiçka”dan gedəcəyimlə bağlı yayılan xəbərlər həqiqətdən çox uzaqdır. Mənim Omsk təmsilçisi ilə müqaviləm gələn mövsümün sonuna kimi nəzərdə tutulub. Komandamız ildən-ilə güclənir, addım-addım irəliləyir. Ötən il bürünc medal qazanıb, CEV kubokunun yarımfinalına yüksəlmişdik. Hər 2 nəticə klub tarixinin ən yüksək göstəricisi idi. Bu il komandamızın Çempionlar Liqasında debütündə 1/3 finala kimi irəlilədik. Mayın 14-də isə Rusiya çempionatının bürünc medallarını qorumaq üçün Krasnodar “Dinamo”su ilə qarşılaşacağıq” – deyə, Məmmədova bildirib.

 

Voleybolçunun sözlərinə görə, hazırda bütün fikirləri yalnız “Dinamo” ilə oyuna köklənib: “Komanda ətrafındakı şayiələrə əhəmiyyət vermirik. Yeri gəlmişkən, baş məşqçimiz Zoran Terziçin müqaviləsi də yeni mövsümün sonuna kimi qüvvədədir. Çiynimdəki zədəyə gəlincə, yarımfinal və 3-cü yer uğrunda matçlar arasında olan fasilədə mən optimal formama qayıtdım. Mayın 14-də qələbə üçün lazım olduğu qədər hücum edəcəm”.

 

Qeyd edək ki, Rusiya mətbuatı “Omiçka”nın Məmmədovanın çiynində zədəsi olduğu üçün müqavilə bağlamaq istəmədiyini yazırdı.