[b]Ölkə voleyboluna xeyri dəymədi[/b]
05.11.2014 - 10:14
[b]Ölkə voleyboluna xeyri dəymədi[/b]

Maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıran “İqtisadçı” Azərbaycan voleybolunun imicinə böyük zərbə vurub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “səhnə”ni  indiyədək klublarımızın yaşamadığı olayla tərk edib. 

 

2008-2014-cü illərdə fəaliyyət göstərən “İqtisadçı”nın dağılması avrokuboklarda ilk texniki məğlubiyyətimiz kimi tarixə düşüb. Belə ki, müstəqillik illərində “universitet komandası”nın özü də daxil olmaqla, qitə arenasında 9 adda (“Azərneft”, “Azərreyl”, “Bakı-Azəryol” (sonradan “Azəryol”), “Rabitə”, “Metro”, BKMZ, “Bakı”, “Lokomotiv”) komandamız mübarizə aparıb. Lakin onların heç biri Avropa Voleybol Konfederasiyası tərəfindən cəzalandırılmayıb.

 

Düzdür, “Bakı” dağıldıqdan sonra texniki məğlubiyyətdən qaçıb. Buna “Azəryol”un həmin komandaya xələf çıxması səbəb olub və CEV kubokunun 2012/2013 mövsümündə ölkəmizi yarışda “Bakı-Azəryol” əvəzləyib.

 

“İqtisadçı”ya isə paytaxt təmsilçisindən fərqli, sahib duran olmayıb. Nəticədə onlar sifariş verdikləri CEV kubokunda 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib, rəqib “Loqrono” (İspaniya) mərhələ adlayıb. Bu azmış kimi, komandanın ölkə voleyboluna da xeyir vermədiyini söyləmək olar. Çünki Azərbaycan çempionatının 1 dəfə gümüş, 3 dəfə bürünc medalını qazanan “İqtisadçı” 5 mövsüm avrokubokda çıxış etsə də, yalnız legionerlərin xidmətindən istifadə edib və uğurlar da onlarla birgə ölkəmizi tərk edib. Yəni, “İqtisadçı”nın 6 illik fəaliyyətində ölkə voleybolu üçün 1 yetirməsi belə yadigar qalmayıb.

 

Qeyd edək ki, Azərbaycan klublarından texniki məğlubiyyət alan olmasa da, texniki qələbəyə sevinən olub. 2008/2009 mövsümündə Türkiyə “Karşıyaka”sı “Çelenc Cup”dan çəkildiyindən “Rabitə”yə 3:0 hesablı qələbələr verilmişdi.