[b]Parxomenko bacılarının milli ilə bağlı qərarında son nöqtə[/b]
09.10.2014 - 10:47
[b]Parxomenko bacılarının milli ilə bağlı qərarında son nöqtə[/b]

Yelena və Oksana Parxomenko bacıları Azərbaycan milli komandasında çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında xüsusi yazı dərc edilib.

 

Yazıda bildirilir ki, millimiz növbəti ciddi sınağına - AVRO-2015-in pley-off mərhələsinə bacılarsız qatılacaq. Onlar bu qərarı hazırda İtaliyada davam edən, lakin Azərbaycanın vidalaşdığı dünya çempionatında veriblər.

 

CEV-in rəsmi saytı bacıların karyerasına da yer ayrılıb. Belə ki, 30 yaşlı Oksananın 1998-ci ildə əsas komandamızda debütü və 2006-cı ildən kapitan funksiyasını yerinə yetirməsi vurğulanıb. Azərbaycan, Türkiyə, İsveçrə və Rusiya klublarında oynayan toppaylayıcımızın 2002-ci ildə “Azərreyl”lə “Top-komandalar” kubokunu da qazanması qeyd olunub.

 

32 yaşlı Yelena isə 2003-cü ildən millimizin şərəfini qoruyur. 1999-cu ildən klub karyerasına start verən blokçu 2002-də “Azərreyl”lə “Top-komandalar” kubokuna, 10 il sonra “Lokomotiv”lə “Çelenc Cup”a sahib olub.

 

Qeyd edək ki, millidə titulu olmayan Parxomenkolar klub karyeralarını davam etdirəcəklər. Yeni mövsümdə Oksana “Azəryol”la Çempionlar Liqasında, Yelena isə “İqtisadçı” ilə CEV kubokunda oynayacaq.

0