2015-ci ildə keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının daha 2 iştirakçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Polşa və Rumıniya milliləri Belçika ilə Hollandiyanın ev sahibliyi edəcəyi həlledici mərhələyə yüksəliblər.
Belə ki, hər 2 komanda buna II təsnifat mərhələsində nail olub. Ukrayna, Polşa və Latviya voleybolçuları ilə B qrupunda yer alan polşalılar rəqiblərindən güclü olaraq, birbaşa Belçika ilə Hollandiyaya bilet sifariş ediblər. Onlar 6 oyundan 17 xal toplamaqla, ən yaxın izləyiciləri Ukrayna millisini 7 xal qabaqlayıblar. İkinci yeri tutan ukraynalılar pley-offda mübarizəni davam etdirəcəklər.
Rumıniya yığması isə həlledici mərhələyə vaxtından əvvəl vəsiqə qazanıb. Slovakiya, Avstriya və Bosniya və Herseqovina ilə F qrupunda gücünü yoxlayan komanda 4 turdan sonra 12 toplayıb ki, bu da ən yaxın izləyicisinin onlara çatmayacağını rəsmiləşdirib. Düzdür, ikinci pillədə qərarlaşan slovakiyalılar 6 xala malikdir. Lakin onlar son 2 qarşılaşmada qalib gələcəkləri, rəqibləri isə uduzacaqları halda set fərqinə və şəxsi görüşlərinə görə rumınlara çata bilməyəcəklər.
Qeyd edək ki, ev sahibləri Belçika və Hollandiya ilə yanaşı, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apenninlilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib – red.) artıq 16 komandanın mübarizə aparacağı final mərhələsində rəqiblərini gözləyirdilər. Bu yığmalara isə bu gün Azərbaycan da qoşula bilər. Bunun üçün D qrupunda yer alan Faiq Qarayevin yetirmələri son turda Bolqarıstan millisinə qalib gəlməlidir. Əks halda, ümidimizi pley-offa bağlamalı olacağıq.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO