AVF-dan biabırçılıq: Mövsümün ortasında reqlamenti yenə dəyişdilər!
27.01.2014 - 11:33
AVF-dan biabırçılıq: Mövsümün ortasında reqlamenti yenə dəyişdilər!

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mövsümün ortasında reqlament dəyişikliyi edilib. Bu barədə apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının daxili yarışlar üzrə koordinatoru Oqtay Musayev məlumat verib.

 

O bildirib ki, artıq əvvəldən nəzərdə tutulan qayda tamamilə dəyişib: “Bəli, biz 2013/2014 mövsümünü 4 dövrədə ibarət keçirməyi nəzərdə tutmuşduq. Hazırda məcburiyyətdən reqlamenti dəyişdik. Çünki avrokuboklarda iştirak edən hər bir klubumuzun uğur qazanması üçün oyunlarını təxirə saldıq ki, bu da  çempionatda böyük boşluqların yaranmasına səbəb oldu. Nəticədə 4 dövrə keçirməyimiz qeyri-mümkündür”.

 

AVF rəsmisi  bildirib ki, artıq yeni reqlament də məlumdur. Lakin bu qayda qeyri-adi olduğu kimi, kifayət qədər də əcaibdir. Çünki yeni Azərbaycan çempionu dünyanın heç bir yerində istifadə olunmayan qayda ilə müəyyənləşəcək (!).

 

Belə ki, martın 8-də II dövrə başa çatdıqdan sonra komandalar topladıqları xalllara uyğun 2 qrupa bölünəcək. Burada A “üçlüy”ündə tək yerləri tutacaq klublar, B qrupunda isə cüt yerlərdə qərarlaşacaq komandalar 3 tur oynayacaqlar (?).

 

Musayevin sözlərinə görə, reqlament bütün klubların sona kimi oynaması üçün belə alınıb: “Əsas məqsəd 5 və 6-cı yerləri tutacaq klubların mübarizəni sona kimi davam etdirməsidir. Qruplar pley-off mərhələsi adlanacaq ki, burada da toplanacaq xallar ilk 2 dövrədə yığılan xalların üzərinə gələcək. Ardınca 1-4-cü yerlər finalçıları, son 2 komanda isə 5-ci yerin sahibini müəyyənləşdirəcək”.

 

Reqlamentə əsasən, qrup oyunlarından sonra 1-ci yer 4-cü pilləni tutacaq komanda ilə, 2-ci yer isə 3-cü olacaq klubla münasibətinə aydınlıq gətirəcək. Burada 2 qələbə qazanacaq kollektiv finala vəsiqə qazanacaq, məğlublar bürünc medal uğrunda oynayacaqlar. Medalların sahibləri isə 3 qələbəyə qədər güclərini yoxlayacaqlar. Həmin vaxt son 2 klub da 5-ci yer uğrunda görüşəcək (3 qələbəyə kimi).

 

Musayev bildirib ki, şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulan pley-off mərhələsində “Rabitə”nin yer alacağı qrupun oyunları Bakıda olacaq: “Buna səbəb Çempionlar Liqasının paytaxtımızda keçiriləcək “Dördlər finalı”dır. Nəzərdə tutmuşuq ki, son Azərbaycan çempionunun yer alacağı qrupun görüşləri martın 10-12-də keçirilsin. Bu həm də onlara avrokubok üçün yaxşı hazırlıq olmalıdır. Çox güman, digər qrupun da matçları həmin tarixdə baş tutacaq. Ancaq dəqiq olan aprelin 30-da qalibin adına aydınlığın gələcəyidir”.

 

Qeyd edək ki, Super Liqada anormal hal ötən mövsüm də yaşanmışdı. Çempionatın gedişində reqlamentin dəyişməsi səbəbindən təşkilatçılar son anda gümüş mükafatın sahibini müəyyənləşdirə bilməyərək, 2 komandanı 2-ci yerə layiq bilib, bürünc medalı heç kimə verməmişdilər. Bu isə dünya voleybolunda görünməmiş hadisə kimi tarixə düşdü.