Azərbaycan çempionatında ilk hollandiyalı baş məşqçi!
07.05.2014 - 23:01
Azərbaycan çempionatında ilk hollandiyalı baş məşqçi!

Bakının “Lokomotiv” voleybol klubunu yeni mövsümdən yeni baş məşqçi çalışdıracaq. Apasport.az saytının eksklüziv məlumatına görə, hollandiyalı Teunis Buijs “dəmiryolçular”ın “sükan”ı arxasına keçib.

 

54 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Onun qarşısına əsas məqsəd kimi yeni mövsümdə Super Liqada və avrokubokda uğurlu çıxış etmək tapşırığı qoyulub.

 

Buijsin karyerasına gəlincə, 202 sm boya malik çalışdırıcı yığmasının heyətində 321 qarşılaşmaya çıxıb və Seul-1988-də komandasının aparıcı voleybolçularından sayılıb. “Lokomotiv”in yeni çalışdırıcısı məşqçilik fəaliyyətinə isə 1991-ci ildən başlayıb. Buijsin ilk klubu yerli “Zaanstad” olub.

 

O, ardınca qadınlardan ibarət Hollandiya millisində işləməyə başlayıb. Bu komandada 2006-2009-cu illərdə Avital Selindjerin köməkçisi olub və 2007-ci ildə Qran-prinin qızıl medalına yiyələnib.

 

Ardınca İsveçrədə kişilərdən ibarət “Lozanna” komandasını çalışdıran Buijs burada Superkuboku qazanıb və ölkə kubokunun finalına kimi irəliləyib.

 

Hollandiyalının sonra Almaniya karyerası başlayıb. O, öncə “Buttrop 90” (2009-2011) klubuna rəhbərlik edib. 2011-2013-cü illərdə bu ölkədə “Şveriner”in “sükanı” arxasına keçib və komandasını ardıcıl 2 dəfə Almaniya çempionu edib (2012, 2013). Həmçinin, ölkə kubokunda da komandasının qarşısını kəsən olmayıb: “Şveriner” qızıl medal qazandığı illərdə kuboku da başı üzərinə qaldırıb.

 

Buijs son mövsümdə Polşada işləyib. Burada “Atom”u çalışdıran məşqçi Sopot təmsilçisini də fəxri kürsüyə yüksəltməyə nail olub. Onun komandası çempionatı bürünc medallarla başa vurub.

 

Buijs “Lokomotiv”ə gəlişi ilə bir ilkə də imza atıb. 54 yaşlı çalışdırıcı Azərbaycan voleybol tarixinə ilk hollandiyalı kimi düşüb. Çünki indiyədək heç bir klubumuzda bu ölkədən baş məşqçi işləməyib.   

 

Qeyd edək ki, Buijs bu postda Kladio Kuellonu əvəzləyib. Argentinalı baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.