Azərbaycan çempionatının bombardiri yenidən Bakı klubunda!
26.06.2014 - 18:22
Azərbaycan çempionatının bombardiri yenidən Bakı klubunda!

“Lokomotiv” klubu daha bir ulduz voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə iddialı olacaq Bakı təmsilçisi Çexiya millisinin hücumçusu Aneta Havlikovanı yenidən komandaya qaytarıb.

 

CEV kubokunda ölkəmizi təmsil edəcək “dəmiryolçular” 2012/2013 mövsümündə heyətində oynamış 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıblar. 190 sm boya malik Havlikova bu dəfə Türkiyə “Fənərbaxça”sını “Lokomotiv”ə dəyişib.

Anitanın karyerasına gəlincə, o kifayət qədər təcrübəli voleybolçu sayılır. Belə ki, 2006-cı ildə ilk peşəkar müqaviləsini bağlayan Havlikova öncə vətənində “Praqa”nın şərəfini qoruyub. Onlarla ölkə çempionu adını qazanan hücumçu 2007-ci ildə Hollandiyanın “Veert” klubuna keçib və burada 2 mövsüm oynayıb.

O, 2009-cu ildə İtaliyaya yollanıb. Burada “Urbino” (2009-2010) ilə “Yamamay”da (2010-2012) forma geyinib və çıxışı uğurlu alınıb. Havlikova 2011/2012 mövsümündə Busto Arsizo təmsilçisi ilə A seriyasının, CEV və İtaliya kubokunun qızıl medallarını qazanıb. O, həmçinin CEV kubokunun yekunlarına görə turnirin ən dəyərli voleybolçusu seçilib.

 

Ardınca “Lokomotiv”ə gələn Anita burada medal qazanmasa da, ulduz olduğunu bir daha ortaya qoyub. Çexiyalı 2012/2013 mövsümndə Super Liqanın bombardiri adlna layiq görülüb.

 

2013/2014 mövsümünü “Fənərbaxça”da keçirən hücumçu burada medal kolleksiyasında daha 2-sini əlavə edib. “Sarı-lacivərdlilər”lə CEV kubokunu başı üzrəinə qaldıran oyunçu Super Liqada ikinci olub.

 

2007-ci ildən millisinin şərəfini qoruyan Anita bu komanda ilə Avropa Liqasının çempionu tituluna da yiyələnib. 2012-ci ildə bu nailiyyətə imza atan Havlikova turnirin ən dəyərli oyunçusu adını isə heç kimə güzəştə getməyib.  

 

Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni transferlərinin sayı 10-a çatıb. Komanda Havlikovaya qədər Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb. “Dəmiryolçular”, həmçinin “sükanı”nı da hollandiyalı Teon Buijsə həvalə ediblər.