Azərbaycan millisinin Portuqaliyaya uduzmasının səbəbi açıqlandı
23.05.2014 - 17:18
Azərbaycan millisinin Portuqaliyaya uduzmasının səbəbi açıqlandı

“Azərbaycanla oyunda olduğu kimi Bolqarıstanla görüşdə də bəxtimizin gətirməsi lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Fernando Luiş Sousa deyib.

O, Avro-2015-in II təsnifat mərhələsində Azərbaycan yığmasına qalib gəldikləri matçı şərh edib. Sousanın sözlərinə görə, 3:2 hesabı ilə udduqları görüşdə bəxtlə yanaşı, voleybolçularımızı yaxşı öyrənmələri də köməklərinə gəlib: “Azərbaycan millisini lazımınca analiz edib, yaxşı öyrənmişdik. Rəqibin çox güclü olmasına baxmayaraq, onlara qalib gələ bildik. İkinci qarşılaşmada Bolqarıstanla oyunda da belə oynamalıyıq. Lakin əvvəlcədən heç nə söyləmək olmaz. Azərbaycan üzərində qələbə Portuqaliyada qadın voleybolunun inkişafına kömək edə bilər. Bu həmçinin, ölkə idmanındakı öz yerimizi tutmağımıza yardım edəcək”.