19 yaşadək qızlar arasında Avropa çempionatının II seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan Azərbaycan millisi ilk oyununu Bolqarıstana qarşı keçirib.
Samokov şəhərində baş tutan görüş Vüqar Əliyevin rəhbərlik etdiyi komanda üçün uğursuz alınıb. Qrup oyunlarına ev sahibliyi bolqarlar hər 3 setdə eynihesablı qələbə qazanıblar – 25:15, 25:15, 25:15.
Yığmamızın heyətində ən məhsuldar oyunçu Yuliya Pşeniçnix olub. Milliləşdirilmiş voleybolçu 8 dəqiq zərbə vurmağı bacarıb. Rəqibin heyətində isə Vanqeliya Raçkovska bombardir adını qazanıb – 12 xal.
Qrupun digər qarşılaşmasında Rusiya Avstriyaya “quru hesab”la qalib gəlib – 3:0 (25:17, 25:12, 25:18).
Qeyd edək ki, voleybolçularımız bu gün Rusiya millisi ilə oynayacaq.