Bolqarıstan yığması Azərbaycana qarşı əsas heyətlə oynamayacaq
03.06.2014 - 10:11
Bolqarıstan yığması Azərbaycana qarşı əsas heyətlə oynamayacaq

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi Avropa Liqasında əsas heyətə güvənməyəcək. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan və ilk görüşünü Azərbaycana qarşı keçirəcək komanda yarışda gəncləri sınaqdan keçirəcək.

 

Həmçinin, ötən həftə millimizi Avro-2015-in final mərhələsinə birbaşa vəsiqə qazanmaqdan məhrum edən rəqib turnirə baş məşqçisi Vladimir Kuzyutkinin deyil, başqa mütəxəssisin rəhbərliyi altında çıxacağı da dəqiqləşib. Bakıdan birbaşa vətəni Rusiyaya yollanan dünya çempionunu Avropa Liqasında İvan Petkov əvəzləyəcək.

 

Bolqarıstandan öncə isə qrupumuzda yer alan Türkiyə yığması yarışa ikinci heyətlə qatılacağını açıqlamışdı.

 

Qeyd edək ki, yığmamızın Bolqarıstanla oyunları iyunun 6-da və 7-də Sofiyada olacaq.