Brdjoviç “Rabitə”dən gedişinin səbəbini açıqlayıb, dönüşünə aydınlıq gətirdi
19.05.2014 - 10:47
Brdjoviç “Rabitə”dən gedişinin səbəbini açıqlayıb, dönüşünə aydınlıq gətirdi

“Rabitə”nin yeni baş məşqçisi Dejan Brdjoviç təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı serbiyalı mütəxəssis Bakı klubuna ikinci dönüşündə daha uğurlu olacağına inandığını ifadə edib.

 

Brdjoviç vətənində verdiyi müsahibəsində bildirib ki, 2010/2011-ci ildə Azərbaycanı tərk etməsində özü günahkar olub: “Rabitə”də çalışdığım ilk dövr uğurlu alınmışdı. Biz Azərbaycan çempionatında qalib gəlib, Çempionlar Liqasında sonadək irəlilədik. Bu “Rabitə”nin qitənin ən nüfuzlu turnirində ilk finalı idi. Səmimi danışsam, belə uğurlu mövsümdən sonra klubdan ayrılmaqda öz səhvim olmuşdu.

 

Bu postda Eldar Yusubovu əvəzləyən baş məşqçinin sözlərinə görə, “Rabitə” yeni mövsümdə daha iddialı olacaq və əsas hədəf dəyişməz qalacaq: “Klub prezidenti Cəlil Cəfərov mənə zəng edib dedi ki, mənimlə əvvəlki iş birliyindən ən xoş xatirələr qalıb. Bu dəfə daha müdrik davranacam və mövsüm də daha uğurlu alınacaq. Bir sözlə, “Rabitə”yə yenidən gəlişimin daha uğurlu olacağına və komandaya Çempionlar Liqasında qalib gəlməyə kömək edə biləcəyimə ümid edirəm. Komandanın hədəfi isə məhz bu yarışdır”.