Bu dəfə ikisi birdən!
31.05.2014 - 10:12
Bu dəfə ikisi birdən!

Yeni transferlərdən doymayan “Lokomotiv” daha 2 voleybolçunun keçidini həll edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “dəmiryolçular” Hollandiya millisinin hücumçusu Enn Buijs və son almaniyalı libero Lisa Tomsenlə müqaviləni rəsmiləşdiriblər. Onların hər ikisi 2014/2015 mövsümündə Bakı klubunun uğurları üçün çalışacaqlar.

 

Belə ki, “Lokomotiv” az öncə baş məşqçi postuna gətirdiyi Teon Buijsin qızı olan Enn komandanın yeni transferi Valentina Arriqqetti kimi son mövsümü İtaliyanın “Yamamay” klubunda oynayıb. O, Azərbaycana gələnə qədər öz ölkəsi ilə yanaşı, Belçika və Almaniyada legioner həyatı yaşayıb.

 

23 yaşlı Buijs “Amstelveen”lə 3 dəfə Hollandiya çempionu, eyni sayda ölkə kubokunun qalibi (2008, 2009, 2010) və 2 dəfə Superkubokun sahibi (2009, 2009) olub. O, həmçinin “Kielderxt”lə Belçika çempionatını və kubokunu (2011), “Şveriner”lə isə Almaniya Bundesliqasının qızıl medalını və 2 dəfə ölkə kubokunu (2012, 2013) qazanıb. 191 sm boya malik hücumçu “Yamamay”la A seriyasının finalında da oynayıb.

 

2009-cu ildən millisinin heyətinə dəvət alan Enn burada 27 matça çıxıb.

 

29 yaşlı Tomsen isə son mövsümü “Azəryol”da oynayıb. Bakı klubunda iştirakla ilk dəfə legioner həyatını məhz Azərbaycanda yaşayan voleybolçunun əsas titulları 2009-2013-cü illərdə çıxış etdiyi “Şveriner”lə bağlıdır. Lisa bu klubla 2 dəfə Almaniya çempionu (2011, 2012), 1 dəfə də ölkə kubokunun (2012) sahibi olub. Onun medal kolleksiyasında Bakı klubu ilə qazandığı Super Liqanın gümüş medalı da var.

Tomson millisinin heyətində son Avropa çempionatının bütün oyunlarının iştirakçısı olub və bu komanda ilə 2011-ci ildən sonra 2013-cü ildə də fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni transferlərinin sayı 8-ə çatıb. Komanda Buijslə Tomsenə qədər Ayşən Abduləzimova (Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Quinta Stenbergen (Hollandiya) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.