Çempionlar Liqasının qalibi “Rabitə”nin uğurunu təkrarladı
12.05.2014 - 08:17
Çempionlar Liqasının qalibi “Rabitə”nin uğurunu təkrarladı

Qadın voleybolçular arasında klublararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ümumilikdə 8-ci, İsveçrənin Sürix şəhərində 2-ci dəfə təşkil olunan yarışın qalibi Kazanın “Dinamo” klubu olub.

 

Rusiya təmsilçisi finalda Braziliya “Osasko”suna qalib gəlib – 3:0 (25:11, 25:16, 27:25). Bürünc medallar uğurunda qarşılaşmada “Volero” (İsveçrə) “Sesi”yə (Braziliya) uduzub – 2:3 (18:25, 25:20, 21:25, 25:23, 13:15).

 

Əlcəzairin “Petroliers” və Yaponiyanın “Hisamitsu Springs” (Yaponiya) komandaları mübarizəni qrup mərhələsində dayandırıblar.

 

Qeyd edək ki, “Dinamo” Çempionlar Liqasının son qalibidir. Mundial isə Azərbaycan azarkeşləri üçün yad deyil. Çünki 2011-ci il dünya çempionatında qızıl medal qazanan “Rabitə” 1 il sonra ikinci yerlə kifayətlənib.