Dünya çempionu: Azərbaycan millisinin problemləri var
23.05.2014 - 13:52
Dünya çempionu: Azərbaycan millisinin problemləri var

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi Vladimir Kuzyutkin Azərbaycan yığmasından danışıb. Apasport.az saytının məlumatına görə, Avro-2015-in II təsnifat mərhələsində Azərbaycan millisini rəqibi olan rusiyalı dünya çempionu Faiq Qarayevinin yetirmələrinin startda Portuqaliyaya uduzmasına təəccüblənmədiyini deyib.

 

Kuzyutkinin sözlərinə görə, yığmamız zədə səbəbindən xal itkisi ilə üzləşib: “Mən Azərbaycan yığmasının pis oynadığını deyə bilmərəm. Sadəcə, hazırda onların problemləri var. Çünki bəzi voleybolçular zədə üzündən oynamırdılar. Düşünürəm ki, Portuqaliya imkanlarından da yüksək həddə oynadı. Hətta özüm də buna təəccübləndim. Portuqaliyanın 3:2 hesabı ilə qalib gələcəyini gözləmirdim”.

 

Təcrübəli mütəxəssis qarşıdakı oyunlarla bağlı suallardan yayınıb. O, Portuqaliya və Azərbaycana qarşı Yunanıstanla görüşdəki kimi oynayacaqlarını deməklə kifayətlənib: “Hər bir məşqçi kimi mən də proqnoz verməyi xoşlamıram. Bunun üçün qarşıdakı oyunlarla bağlı nəsə deyə bilmərəm. Ancaq yaxşı oyun barədə fikirləşirəm”.

 

Qeyd edək ki, ilk turda yunanlara 3:0 hesabı ilə qalib gələn bolqarlar voleybolçularımızla sabah oynayacaqlar.