“Komandamızın muzeyində sadəcə 1 kubok əskikdir. Biz həmin kuboku qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Əczaçıbaşı” klubunun voleybolçusu Əsra Gümüş deyib.
Komandasının kapitanı martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” öncəsi iddialarını açıqlayıb. 10 ildir İstanbul təmsilçisinin şərəfini qoruyan Gümüşün sözlərinə görə, əsas məqsədləri yalnız Avropanın ən nüfuzlu klub turnirini qalib kimi başa vurmaqdır: “Bu yarışa 3 komanda ilə başladıq və son 4 klub arasında 2 Türkiyə təmsilçisi mübarizə aparacaq. Mövsümə inamla başladıq və “Dördlər finalı”na məğlubiyyətsiz yüksəldik. Final yolunda isə rəqibimiz digər İstanbul təmsilçisi “Vakıfbank” olacaq. Bu derbidə öncədən nəsə demək çətindir. Amma biz oyuna hazırıq. Əsas məqsədimiz yalnız Çempionlar Liqasını qazanmaqdır. Bütün hazırlıqlarımızı da buna yönəltmişik. Bakıda atmosfer mükəmməl olacaq”.
Paytaxtımızda həmişə Türkiyə klublarının azarkeşlərinin olduğunu dilə gətirən təcrübəli voleybolçu 2012-ci ildə Bakıda keçirilən “Dördlər finalı”nı da xatırladıb: “Həmin vaxt kuboku “Fənərbaxça” başı üzərinə qaldırdı. Bilirəm, Bakıda yenə çox çılğın azarkeş olacaq. Bütün klublara uğurlar arzulayıram. İnanıram ki, kuboku biz muzeyimizə gətirəcəyik”.
Qeyd edək ki, “Dördlər finalı”nın digər yarımfinalında “Rabitə” Kazan “Dinamo”su ilə qarşılaşacaq.