Hollandiya yığmasının hücumçusu Azərbaycan çempionatında oynaya bilər
22.05.2014 - 14:00
Hollandiya yığmasının hücumçusu Azərbaycan çempionatında oynaya bilər

“Lokomotiv” növbəti transferini rəsmiləşdirməyə hazırlaşır. Apasport.az saytının əldə etdiyi məlumata görə, “dəmiryolçular”ın növbəti transferi də İtaliya A seriyasından olacaq.

 

Belə ki, Bakı təmsilçisi Hollandiya millisinin hücumçusu Enn Buijslə danışıqları müsbət yekunlaşdırıb. Onunla həftəsonuna kimi rəsmi müqavilə bağlanacağı gözlənilir.

 

“Lokomotiv” az öncə baş məşqçi postuna gətirdiyi Teon Buijsin qızı olan Enn də komandanın yeni transferi Valentina Arriqqetti kimi son mövsümü İtaliyanın “Yamamay” klubunda oynayıb. O, Azərbaycana gələnə qədər öz ölkəsi ilə yanaşı, Belçika və Almaniyada legioner həyatı yaşayıb.

 

23 yaşlı Buijs “Amstelveen”lə 3 dəfə Hollandiya çempionu, eyni sayda ölkə kubokunun qalibi (2008, 2009, 2010) və 2 dəfə Superkubokun sahibi (2009, 2009) olub. O, həmçinin “Kielderxt”lə Belçika çempionatını və kubokunu (2011), “Şveriner”lə isə Almaniya Bundesliqasının qızıl medalını və 2 dəfə ölkə kubokunu (2012, 2013) qazanıb. 191 sm boya malik hücumçu “Yamamay”la A seriyasının finalında da oynayıb.

 

2009-cu ildən millisinin heyətinə dəvət alan Enn burada 27 matça çıxıb.

 

Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni transferlərinin sayı 6-ya çatacaq. Komanda Buijsə qədər Ayşən Abduləzimova, Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ) bə Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.