Katarjina Skovronska: Dünya çempionatında iştirakımız real görünmür
22.04.2014 - 10:19
Katarjina Skovronska: Dünya çempionatında iştirakımız real görünmür

“Azərbaycanda növbəti qızıl medalımı qazandım. Bununla, çempionluq sayım 5-ə çatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin polşalı voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz voleybolçu Azərbaycan Super Liqasının 2013/2014 mövsümündə komandasının çıxışını dəyərləndirib. Yeni mövsümdə də “Rabitə”nin şərəfini qoruyacaq universal oyunçu bildirib ki, Çempionlar Liqasında istəklərinə çata bilməsələr də, ölkə çempionatında bunu sığortalayıblar: “Əsas hədəfimiz Avropanı fəth etmək idi. Amma Çempionlar Liqasını 3-cü yerdə başa vurduq. Buna baxmayaraq, Azərbaycan çempionatında inamlı oyun nümayiş etdirdik. Yarımfinal və final mərhələlərində rəqiblərimizə heç bir şans vermədik”.

 

2 dəfə İtaliya, 1 dəfə Türkiyə və 1 dəfə Çin çempionu olan Katarjina Azərbaycanda qızıl medalı qazanacaqlarını komanda yoldaşı Katarjina Skorupaya söz verdiyini də açıqlayıb: “Həlledici mərhələlərdə Skorupa bizə kömək edə bilmədi. O, artıq əməliyyat olunub və oynaması üçün hansısa problemi olmayacaq. Mən ona söz vermişdim ki, qızıl medal qazanacağıq və vədimə əməl etdim”.

 

Polşalı legioner “Rabitə”nin klublararası dünya çempionatında iştirak məsələsinə də toxunub. O bildirib ki, “Fənərbaxça” ilə qalibi olduğu mundiala “wild card” alacaqlarına ümidləri böyük deyil: “Bununla bağlı yekun qərar aprelin 25-də veriləcək. Amma sözün düzü, dünya çempionatında iştirakımız bir o qədər real görünmür”.