Natalya Məmmədova acığını qonaqlardan çıxdı
17.02.2014 - 10:50
Natalya Məmmədova acığını qonaqlardan çıxdı

Qadın voleybolçular arasında Rusiya Superliqasının XIII turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Zariçye Odintsova”nı qəbul edib.

 

Çempionlar Liqasının 1/3 finalında Türkiyə “Əczaçıbaşı”sına uduzaraq, mübarizəni dayandıran Omsk təmsilçisi acığını bu rəqibdən çıxıb. Belə ki, “Zariçye Odintsova” Məmmədovanın komandasından 3 setdə cəmi 44 xal ala bilib. “Omiçka” yalnız ilk hissədə müqavimətlə üzləşib - 3:0 (25:22, 25:10, 25:11). Voleybolçumuz isə görüşdə 14 xal toplayıb.

 

Çempionlar Liqasının yarımfinalında “Rabitə”nin rəqibi olacaq Kazan “Dinamo”su da XIII turu evdə keçirib. “Proton”u qəbul edən komanda asan qələbəyə sevinib – 3:0 (25:23, 25:19, 25:20).

 

Qeyd edək ki, XIII turdan sonra aktivində 35 xalı olan “Dinamo” yenə birinci, ondan 6 xal geri qalan “Omiçka” isə ikincidir.