Natalya Məmmədovanın harada oynayacağı dəqiqləşdi
12.05.2014 - 09:48
Natalya Məmmədovanın harada oynayacağı dəqiqləşdi

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Rusiyanın “Omiçka” klubunda davam etdirəcək.

 

Adı az öncə “Azəryol”la hallanan oyunçunu şimaldan olan həmkarlarımız İsveçrə “Volero”suna və Fransa “Kann”ına da “göndərdilər”. Səbəb kimi Məmmədovanın çiynindəki xroniki zədə göstərilirdi. Onlar buna görə də “Omiçka”nı Azərbaycan təmsilçisini heyətində görmək istəmədiklərini qeyd edirdilər. Amma vəziyyət heç də belə deyilmiş.

 

Məmmədovanın şəxsi agenti Sergey Makarov Rusiya mətbuatında bu məsələyə bir dəfəlik son qoyub. O bildirib ki, Natalyanın “Omiçka” ilə qüvvədə olan müqaviləsi var: “Natalya Məmmədovanın “Omiçka”nı tərk etməyə hazırlaşdığı həqiqətə uyğun deyil. Belə məlumatların haradan çıxmasını heç anlamıram. Onun hazırda komanda ilə müqaviləsi var və buna əsasən daha 1 il Omsk təmsilçisinin şərəfini qoruyacaq. Ötən yazda Məmmədova müqaviləsini 1 illik deyil, 2 illik uzadıb. “Omiçka”da hər şey onu qane edir. Özü də bu mövsüm onun komandası müsbət nəticələr əldə edib”.

 

Qeyd edək ki, Məmmədova 2012-ci ildə “Omiçka”ya “Rabitə”dən yollanmışdı.