“Bu qarşılaşma çox çətin olacaq. “Azəryol” həm fərdi, həm də kollektiv baxımdan güclü heyətə malikdir”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın braziliyalı voleybolçusu Fernanda Qaray deyib.
28 yaşlı Olimpiya çempionu CEV kubokunun 1/2 final mərhələsinin “Azəryol”la ilk görüşü öncəsi fikirlərini açıqlayıb.
O bildirib ki, bu gün İstanbulda baş tutacaq matçda yalnız qələbə üçün meydana çıxacaqlar: “Azəryol”un oyunçuları matçın taleyini həll etmək gücünə malikdirlər. Lakin bu qarşılaşmada uğurlu nəticə qazanmaq üçün biz də səylə hazırlaşmışıq. Ev oyunlarında həmişə yanımızda olan azarkeşlərimizin dəstəyinə güvənirik. Bilirik ki, ilk oyunda qələbə çox vacibdir. Növbəti mərhələyə çıxmaq üçün İstanbulda uğurlu nəticə qazanmalıyıq”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.