Yığmamızın hücumçusu Rusiya çempionatında liderliyini itirdi
16.05.2014 - 11:13
Yığmamızın hücumçusu Rusiya çempionatında liderliyini itirdi

Qadın voleybolçular arasında Rusiya Superliqasının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan Azərbaycan millisinin lideri Natalya Məmmədova ötən mövsümkü uğurunu təkrarlaya bilməyib.

 

Düzdür, təmsilçimiz komandası 1 il öncə olduğu kimi Superliqanı 3-cü yerdə bitirib. Lakin Məmmədova bu dəfə çempionatın bombardiri adını təhvil verməli olub. Bu da səbəbsiz deyil. Çünki zədə səbəbindən bəzi oyunları və pley-off mərhələsini buraxan hücumçunun rəqiblərinə çatması da qeyri-mümkün idi.

 

21 matçda 74 setdə meydana çıxan Məmmədova “Omiçka”ya 340 xal qazandırıb. 2012/2013 mövsümü ilə müqayisədə 2 dəfədən də (həmin vaxt 717 xal idi) az xal yığan 30 yaşlı voleybol bu göstərici ilə 8-ci yeri tutub. Superliqanın bombardiri adını ötən il 2-ci olan, bu il çempionatın gümüş medalına yiyələnən Natalya Obmoçayeva (“Dinamo”, Moskva) qazanıb. Onun 23 görüşün 88 hissəsində 478 zərbəsi dəqiq alınıb. İkinci yeri növbəti çempionluğunu bayram edən Kazan “Dinamo”sunun lideri Yekaterina Qamova tutub – 465 xal (25 oyun, 79 set). İlk “üçlüy”ü isə Məmmədovanın komanda yoldaşı Nensi Karrilyo qapayıb. O, 26 matçın 91 setində 448 xalla “Omiçka”nın bombardiri adına da sahib olub.

Qeyd edək ki, Natalyanın Rusiya çempionatındakı şəxsi rekordunu 731 xaldır. O, bunu 2009/2010 mövsümündə Krasnodar “Dinamo”su ilə Superliqanın bürünc medalı qazanarkən rəsmiləşdirib.