Yığmamızın kapitanından ilk açıqlama
06.06.2014 - 15:07
Yığmamızın kapitanından ilk açıqlama

“Oksana Parxomenko bu yarışda iştirak etmədiyindən məşqçilər korpusu kapitanlıq sarğısı mənə həvalə edib. Bunun üçün qürur duyuram və etimadı doğrultmağa çalışacam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Anastasiya Qurbanova deyib.

 

Milliləşdirilmiş hücumçumuz Avropa Liqası ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, bu gün debüt edəcəkləri yarışda qitə çempionatının seçmə mərhələsindəki məğlubiyyəti unutdurmağa çalışacaqlar: “Avropa çempionatının seçmə mərhələsində komandamız top qəbulunda çətinlik yaşadı. Bu, qrup lideri olmamağımızda və birbaşa final mərhələsinə yüksələ bilməməyimizdə az da olsa rol oynadı. Avropa Liqasında isə çalışacağıq ki, top qəbulumuz yaxşı olsun. Çünki, pis olarsa, o zaman bizə çox çətinlik yarada bilər”.

 

Oksana Parxomenko yoxluğunda kapitan kimi ilk açıqlamasını verən Qurbanova gənclərdən təşkil olunan yığmamıza inandığını deyib. Onun sözlərinə görə, toppaylayıcılarımızdan Parxomenko və və Natəvan Qasımova heyətdə yer almadığından onları əvəz edəcək Şəfaqət Həbibova və İrina Makarenkoya lazımı dəstəyi verməlidirlər: “Bu yarışda heyətdə gənc oyun qurucularımız oynayacaq. Biz bacardığımız qədər onlara kömək etməliyik. Oksana təcrübəli oyun qurucusudur, biz səhv edərkən o bizə kömək edirdi. İndi isə bizim üzərimizə böyük məsuliyyət düşür. Bu gün bolqarlarla oyunda çalışacağıq ki, əlimizdən gələni edərək, gözəl oyun göstərək və qalib gələk”.

 

Qeyd edək ki, Azərbaycan millisi Bolqarıstan yığması ilə bu gün və sabah saat 19:30-da üz-üzə gələcək. 

0