Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab matçını da məğlubiyyətlə başa vuran "Sabah" avrokuboklarla vidalaşıb.
Veteran futbolçu və mütəxəssis Aslan Kərimov "Apasport"a verdiyi açıqlamasında bu məğlubiyyəti şərh edib:
- "Sabah"ın maliyyə vəziyyəti əksər klublarımızdan daha yaxşıdır. Bu cəhətdən azarkeşlər klubdan daha yaxşı nəticələr gözləyir. Əslində nəzərə almaq lazımdır ki, "Sabah"ın klub kimi formalaşmasından çox da uzun zaman keçməyib. Bu qədər qısa vaxtda onlardan böyük nəticələr gözləmək də ədalətsizlik olar. Tez-tez baş məşqçi dəyişmək də mənfi amillərdəndir. Təbii ki, rəhbərliyin məşqçilərlə niyə yola getmədiyinin səbəbini bilmədən konkret bir fikir bildirmək çətindir. Əmin olduğum bir şey var ki, əgər bir yerdə uzunmüddətli məşqçi işi yoxdursa, bu, performansa ciddi təsir göstərir. Ola bilər ki, Murad Musayev oyunu yaxşı oxuyurdu, özünəməxsus fəlsəfəsi var idi, amma özünü aparması, komandanı idarə etməsi fikrimcə, lazımi səviyyədə deyildi. Məşqçinin həddindən artıq qırmızı vərəqə alması onun xarakterindəki problemdən xəbər verir. Musayev açıqlamalarında da daha çox rəhbərliyi və futbolçuları günahlandırırdı. Renduliç də bəlli bir təcrübəyə, oyun görüşünə sahibdir. Avrokuboklardakı məğlubiyyətləri heyətin zəif olmasına bağlayıram. "Sabah" bu il çox zəif transferlər həyata keçirdi, əsas mövqelərə keyfiyyətli futbolçular cəlb edə bilmədi. Renduliçin özü də meydana düzgün heyət çıxarmamışdı.
Mütəxəssis "Sabah"ın zəif mövqelərini xüsusi vurğulayıb:
- Uğursuzluğun əsas səbəbi icraçılardır. Ola bilsin, məşqçi də doğru-düzgün heyət qura bilmir. Hər birimiz gördük ki, "Sabah"ı pley-off mərhələsindən məhrum edən əsas səbəb qırmızı vərəqələr oldu. Əminəm ki, cavab görüşündə qırmızı vərəqə olmasaydı, təmsilçimiz mərhələni adlayacaqdı. Əsas heyətdə meydana çıxan bəzi futbolçuların oyun praktikası bu cür mötəbər turnirdə oynamaq üçün kifayət etmirdi. Misal üçün qeyd edim, son vaxtlar əla təsir bağışlayan Xəyal Əliyevə, Şakir Seyidova şans vermək olardı. "Sabah"ın oyunundakı çöküş məşqçinin ideyaları yox, onun seçdiyi heyətlə bağlıdır. "Sabah"ın sürətli cinah futbolçuları olsa da, yaradıcı oyun qurucusu yoxdur. Yarımmüdafiəçilər oyunu öz üzərinə götürüb fərq yarada bilmir. Bu cəhətdən Aleyksey İsayevin yeri görünür. O, komandada olanda "Sabah" daha yaradıcı futbol oynayır, daha çox qol fürsəti yaradırdı. İsayevli "Sabah" çempionatda "Qarabağ"a belə, göz dağı verməyi bacarırdı.
Aslan Kərimov "Sabah"dan Azərbaycan Premyer Liqasında da ciddi uğur gözləmir:
- Əgər "Sabah" orta xəttdəki vəziyyəti düzəldə bilməsə, ölkə çempionatında da uğur qazana bilməyəcək. Düşünmürəm ki, avrokubok məğlubiyyəti "Sabah"a ciddi psixoloji zərbə vursun. Komanda iki ardıcıl qələbə qazansa, özünəinam da bərpa olunacaq. Əsas məsələ zəif mövqeləri gücləndirməkdir.