
Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
"Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Birinci hissədə qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq".
- Xal qazanmağa nə mane oldu?
- İki fərqli hissə oldu. İlk yarıda daha çox qol epizodları yaratdıq. Dəyərləndirə bilməyəndə elə bil komanda sınır. İkinci hissəni heç bəyənmədim. Tapşırıqları icra edə bilmədik. Komandanın içində problem var. Onu axtarıb tapmaq lazımdır.
- Bu gün Vaqif Cavadov sizi nədə üstələdi?
- "Sumqayıt"ın heyətində milli komandanın futbolçuları var. Yaxşı legionerlər seçiblər. Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda oturur. Siz deyin ki, keyfiyyət kimdə çoxdur.
- İddialı komandalar üzərindəki qələbələr "Kəpəz"də arxayınlıq yaradır?
- Bu da səbəblərdən biri ola bilər. İsinmə hərəkətləri zamanı bilirsən ki, futbolçuda arxayınlıq var, yoxsa yox. Məşqçilərdən soruşdum ki, uşaqlar necədir? Dedilər ki, hər şey əladır, oyuna tam kökləniblər. Psixoloji durum çox vacibdir. Bəzi futbolçular performansından aşağı oynayır. Bunun səbəbini araşdıracağıq.
- 11 oyundur qol vura bilməyən komandadan 3 qol buraxmaq sizə necə təsir edir?
- Hər bir məğlubiyyət təsir edir. Bu gün uduzmaq istəmirdik. Allahın qədəridir. Hər işdə bir xeyir var. 4-cü dövrədə çox maraqlı oyunlar olacaq.