Dambrauskas: “Bu, tarixi nailiyyətdir”
28.07.2026 - 22:04
Dambrauskas: “Bu, tarixi nailiyyətdir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Apasport.az xəbər verir ki, litvalı mütəxəssis nəticədən qürur duyduğunu bildirib:

“İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir. Belə nəticə qazandığımız üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. “KuPS”a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram”.

Dambrauskas qarşılaşmanın çətin keçdiyini də vurğulayıb:

“Çox çətin oyun oldu. “KuPS”un azarkeşləri komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən üstün təsir bağışladılar. Üstəlik, futbolçularımızdan birinin burnu qanadığı və formasını dəyişdiyi üçün bir müddət azlıqda oynadıq. Bu da işimizi çətinləşdirdi.

Fasilədə futbolçularla danışdıq, onlara lazımi tapşırıqları verdik. İkinci hissədə üstünlük bizdə idi. Hesabı açdıqdan sonra oyuna tam nəzarət etdik və bəlkə də daha çox qol vura bilərdik”.

Baş məşqçi komandanın dərhal növbəti oyuna köklənəcəyini də qeyd edib:

“Bu gecə birbaşa Azərbaycana qayıdırıq. Gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkardır”.