Kaxaber Tsxadadze: “Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır”
05.03.2026 - 22:49
Kaxaber Tsxadadze: “Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır”

"Qəbələ" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çox maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da "Sabah"la qarşılaşacağıq".

- Rza Cəfərov niyə oynamadı?

- Səlahət Ağayevin oyunu son iki dəfə yaxşı alınmışdı. Ona görə ona şans verdik. Onun oyunundan razı qaldım.

- Nəzərə alsaq ki, penaltilərdə "Qəbələ" bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündüz?

- Düzünü desəm, düşündüm ki artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir. 

- Balua haqqında düşüncələriniz?

- Balua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqə epizoduna gəldikdə isə,  epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırmalıdır.

- Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?

- Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm. (gülür). Bu adrenalindir. İstərdim ki, başa düşəsiz ki, məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil.